Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pekin məhkəməsi “Xiaofa” robotunu işə qəbul edib


Pekin Xalq Məhkəməsində “QIHAN” şirkətinin hazırladığı “Sanbot King Kong” robotu yeni əməkdaş qismində işə başlayıb. “Xiaofa” adlı robot məhkəmənin tələblərinə uyğunlaşdırılıb və  məhkəmə binasında əsas xidmətlərin göstərilməsi ilə məşğuldur.

“ICTnews” Elektron Xəbər Xidməti “İXBT” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, “Xiaofa” 7 mindən çox qayda-qanunu yadda saxlamaqla izah edə bilir ki, bu da ona məhkəmə prosesi, qaydalar və əvvəlki dinləmələr barədə informasiya əldə etmək istəyən insanlara kömək etməyə imkan verir.  
Məlumata görə, boyu 1,5 metr təşkil edən robot ona binada hərəkət etməyə və insanlarla ünsiyyət qurmağa imkan verən kamera və mikrofonlarla təchiz edilib. Robotun nitqin tanınması daxil olmaqla intellektual əsasını “IBM Watson” və “Nuance” proqramları təmin edir.

Bildirilir ki, “Xiaofa” robotlarının tətbiqindən həm işi asanlaşan məhkəmə əməkdaşları, həm də gözləmə vaxtı azalan insanlar faydalanır.

Bu il “Xiaofa” robotlarının daha bir neçə Çin məhkəməsində istifadəyə verilməsi nəzərdə tutulur. İstehsalçı “Sanbot King Kong” robotunun işi barədə ətraflı məlumatı yanvarda keçiriləcək “CES 2018” sərgisində təqdim etməyi planlaşdırır.  

Nizam Nuriyev 





01/11/17    Çap et