Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qeyri-adi məlumat saxlama üsulu hazırlanıb


Vaşinqton Universitetinin alimlər qrupu qeyri-adi informasiya daşıyıcısı - məlumatları bilavasitə geyimdə daşımağa imkan verəcək “ağıllı parça” yaradıblar.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, böyük perspektivlər vəd edən layihə texnologiyalar dünyasında irəliləyişə səbəb ola bilər. Çünki bundan sonra informasiyanı həm elektrik, həm də maqnetik enerjini saxlaya bilən tellərdə mühafizə etmək mümkün olacaq.
 
Bildirilir ki, bu, məsələn, əvvəllər şəxsiyyəti təsdiq etmək üçün əlavə qurğu və cihazların tətbiq olunduğu məhdud girişli zonalara daxil olmaq üçün faydalı ola bilər.
 
Yeni texnologiya oktyabrın 25-də elmi simpoziumda təqdim edilib.
 
Layihə rəhbəri, universitetin mühəndis elmləri sahəsi üzrə professoru Şiam Qollakotanın sözlərinə görə, yeni həll informasiyanın oxunması üzrə metodları dəfələrlə ucuzlaşdırmağa imkan verəcək. Bunun üçün yalnız ucuz, eyni zamanda yeni smartfonlarda quraşdırılan adi maqnitometr tələb olunacaq.
 
Alimlər “ağıllı parça”nın hazırlanması ilə yanaşı, eksperimenti dəyişərək məlumatları saxlaya biləcək düymə, zaponka və digər aksessuarların yaradılması üzərində çalışmağı planlaşdırırlar.  

Nizam Nuriyev 





03/11/17    Çap et