Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter klaviaturası virtual reallığa keçirilib


Fərdi kompüterlər üçün yardımçı qurğuların istehsalı ilə məşğul olan “Logitech” şirkəti virtual reallıq kaskasında mətni yığaraq interfeysi idarə etməyə imkan verən fiziki klaviaturanın virtual reallığa inteqrasiyası sistemini hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWS ru” resursuna istinadən yazır ki, şirkətin təqdim etdiyi sistem prototipində “HTC Vive” virtual reallıq kaskası (klaviaturaya bərkidilən və onun kaskaya nisbətdə vəziyyətini izləməyə imkan verən xüsusi kontroller), eləcə də virtual reallıqda klaviatura modelləri və istifadəçi əllərini yaradan proqram təminatından istifadə olunur.

Nümayiş olunan videodan məlum olur ki, istifadəçi klaviaturanın virtual reallıqda göstərilməsi üçün bir neçə variant seçə bilər. Bundan başqa, proqram təminatı aktiv proqramda klaviatura kombinasiyalarında istifadə edilən klavişləri göstərməyə imkan verir.

Məlumata görə, hazırda sistemin beta versiyasını sınaqdan keçirən şirkət noyabrın ortalarınadək proqram tərtibatçılarından prototipin tədarükü üçün sifarişlərin qəbuluna başlamağı planlaşdırır. Sifarişlərin qəbulu dayandırıldıqdan sonra 50 tərtibatçıya “Logitech G” seriyalı klaviatura, kontroller və proqram təminatından ibarət dəstlərin göndərilməsi nəzərdə tutulur.

Sistemin kommersiya versiyasının istehsal müddəti barədə məlumat verilmir. Dəstin qiyməti 150 dollar təşkil edəcək.

Nizam Nuriyev
 






04/11/17    Çap et