Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kosmosda dünyanın ilk günəş elektrostansiyası tikiləcək


Çin günəş elektrostansiyasını açıq kosmosda yerləşdirəcək ilk ölkə ola bilər. Bu barədə “Science and Technology Daily” jurnalına müsahibədə Çin Kosmik Texnologiyalar Akademiyasının elmi əməkdaşı Li Min bildirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, elmi əməkdaşın sözlərinə görə, hazırda Çin kosmik günəş enerjisi sahəsində tədqiqatlarda lider ölkələr sırasına daxil olaraq sahədə fəaliyyət göstərən digər dövlətlərlə fərqi xeyli azaldıb.
 
Məlumata görə, istifadəsi ətraf mühitin çirklənməsinə səbəb olan mədən yanacağından fərqli olaraq kosmik məkanda günəş enerjisinin tətbiqi daha effektiv, təmiz və stabildir. Alimin fikrincə, yerüstü günəş və külək elektrostansiyalarından fərqli olaraq, təbii faktorlar kosmik elektrostansiyasının fəaliyyətinə təsir göstərmir ki, bu da Yerə böyük enerji axınını ötürməyə imkan verir.
 
Bildirilir ki, Rusiya, ABŞ və Yaponiya hazırda sahənin inkişafına böyük investisiyalar qoyur, eləcə də Hindistan, Cənubi Koreya və Avropanın kosmik idarələri belə tədqiqatların aparılmasında iştirak edir. 2008-ci ildə kosmik elektrostansiyaların yaradılması istiqamətində praktik addımlara başlayan Çin artıq simsiz elektrik ötürmə texnologiyası sahəsində böyük nəticələr əldə edib.
 
Mütəxəssislərin qiymətləndirməsinə görə, kosmik günəş elektrik enerjisi Çində ekoloji və energetik vəziyyəti yaxşılaşdıracaq, eləcə də innovasiyaların tətbiqinə və yeni sənaye sahələrinin yaradılmasına xidmət edəcək.

Nizam Nuriyev





04/11/17    Çap et