Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yenilənmiş “Tor” brauzeri şəbəkədə tam anonimliyə zəmanət verir


İnternet istifadəçilərinə olduqları yeri gizlətməyə imkan verən "Tor" proqram təminatının hazırlanması ilə məşğul olan "The Tor Project" şirkəti eyniadlı brauzeri və sistemi yeniləyib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, yeni kriptoqrafiya alqoritmlərindən, təkmilləşdirilmiş avtorizə texnologiyası və yenidən düşünülmüş marşrutlaşdırmadan istifadə "Tor" ünvanlarını tam şifrlənmiş və yalnız istifadəçilərə məlum şəkildə saxlamağa imkan verəcək. Əvvəllər sistemin mükəmməl olmaması haker hücumları və xüsusi xidmət orqanları üçün boşluqlar yaradıb.
 
Məlumata görə, hazırda "Windows", "macOS" və "Linux" əməliyyat sistemləri üçün "Tor" brauzerini layihənin rəsmi saytında yükləmək mümkündür. "The Tor Project" şirkətinin "Orbot" mobil brauzerinin yenilənməsi barədə ətraflı məlumat hələlik açıqlanmır.
 
Qeyd edək ki, "Tor" şəbəkəsinin iş prinsipi internet resursundan istifadəçi kompüterinə dolaşıq marşrutun çəkilməsindən ibarətdir. Marşrut boyunca informasiya bir neçə retranslyatordan keçir. Bu halda hər retranslyatorda yalnız əvvəlki və sonrakı qovşağın ünvanı olur. Retranslyatorların heç birində marşrut haqqında informasiya yer almır və bununla məlumatı ələ keçirmək istəyən şəxs məlumatların ötürülməsinin çıxışını və sonuncu məntəqələrini izləyə bilmir.
 
"Tor" layihəsi 1990-cı illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin elmi-tədqiqat laboratoriyası tərəfindən dövlət rabitə kanallarının mühafizəsi texnologiyasının hazırlanması məqsədilə istifadəyə verilib. 2001-ci ildə Massaçusets Texnologiya İnstitutunun iki tələbəsinin səyləri nəticəsində vətəndaşlar texnologiyadan yararlanmağa başlayıb. 2005-ci ildə ABŞ hökuməti layihəyə ilk dəfə qrant ayıraraq texnologiyanın daha geniş kütlə arasında yayılmasına çalışıb. 2006-cı ildən layihə qeyri-kommersiya təşkilatına çevrilib.
 
Hesablamalara görə, hazırda dünyada anonim şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxındır.

Nizam Nuriyev 





06/11/17    Çap et