Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetlərin populyarlığında yenidən azalma qeydə alınıb


Cari ilin üçüncü rübündə planşetlər bazarında yenidən azalma qeydə alınıb.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "IDC" analitik şirkətinin məlumatına görə, dünyada bazarın beş əsas oyunçusu tərəfindən planşetlərin tədarük həcmi 2016-cı illə müqayisədə 5,4 faiz azalaraq 40 milyon qurğu təşkil edib. Planşet kompüterlərinin tədarükü ardıcıl on ikinci rübdür azalır. Bu, bütün bazar nəhəngləri üçün antirekorddur. Şirkət mütəxəssislərinin fikrincə, bu, smartfonlara tələbatın artması ilə yanaşı, planşetlərin model sırasının yenilənmə müddətinin uzadılması və ənənəvi fərdi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə əlaqədardır.
 
 
Bildirilir ki, "Apple" şirkəti ümumi payı 25,8 faiz olmaqla bazarda liderliyini davam etdirir. "Samsung" şirkətinin bazarda 15 faizə sahib olmasına baxmayaraq bu, ötən ilin analoji rübü ilə müqayisədə 7,9 faiz azdır. Cənubi Koreya istehsalçısı ilk beşlikdə bazarın yarısını itirən yeganə şirkətdir - məsələn, "Apple" mövqeyini 11,4 faiz gücləndirib.
 
Üçüncü yerdə 10,9 faizlə qərarlaşan "Amazon" şirkəti 38,7 faizlik artım nümayiş etdirib, lakin mütləq rəqəmlərdə tədarük artımı bir qədər az olub (3,1-4,4 milyon qurğu). Uğur şirkətin loyal qiymət siyasəti ilə izah olunur. "Huawei" bir pillə aşağı enərək "Lenovo" ilə dördüncü yeri bölüşməyə başlayıb. Onların bazar payı müvafiq olaraq 7,5 və 7,4 faizə bərabərdir, lakin üçüncü rübdə şirkətlərin hər biri 3 milyon planşet tədarük edib.  
 
Hesabata görə, qoşulan klaviatura ilə təchiz edilən planşet kompüterlər bazarının həcmi gözlənildiyindən zəif artır. Yeganə əhəmiyyətli oyunçular "Apple" və "Microsoft" olduğu halda digər istehsalçılar "noutbuk-transformer" form-faktoruna üstünlük verirlər.

Nizam Nuriyev 





06/11/17    Çap et