Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il yeni “iPhone” modelləri paslanmayan polad korpus və “OLED” ekranla təchiz ediləcək


“iPhone X” smartfon modelinin satışına noyabrın 3-də başlanılmasına baxmayaraq məşhur proqnozlar müəllifi Minq-Çi Kyo növbəti nəsil “Apple” smartfonlarının görünüşü ilə bağlı müəyyən fikirlər səsləndirib.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, komplekt hissə tədarükçüləri üçün hazırlanan yeni hesabata görə, “Apple” şirkəti 2018-ci ildə satışa iki yeni “iPhone” modeli çıxara bilər. Qurğuların “OLED” ekran və paslanmayan polad korpusla təchiz ediləcəyi, məlumat ötürmə keyfiyyətinin daha yüksək olacağı gözlənilir.
  
“iPhone X” modelinin metal çərçivəsi 4 nazik polad plastindən ibarətdir. Minq-Çi Kyonun fikrincə, 2018-ci il smartfonlarında polad detalların sayı artırılacaq. Bu yenilik qurğunun xarici görünüşünə də təsirsiz ötüşməyəcək. Bununla yanaşı, hesabatda məlumat ötürmə keyfiyyətinin nəyin sayəsində yaxşılaşdırılacağı barədə dəqiq məlumat verilmir.
 
Hesab olunur ki, 2018-ci il “Apple” smartfonları “iPhone X” modelini xatırladacaq, modellərdən biri isə “Plus” ölçüsündə buraxılacaq. Bundan əlavə, “Face ID” sifətin tanınması skanerinin tətbiqi genişləndiriləcək və “TrueDepth” kamerasından “Animoji” animasiyaları ilə yanaşı, başqa məqsədlər üçün istifadə ediləcək. Lakin əsas fotokameralarda dəyişikliklərin edilməyəcəyi proqnozlaşdırılır.
 
Proqnozlara görə, yenilənmiş “iPad Pro” planşet modelləri də “Face ID” sistemi ilə təchiz olunacaq. “Touch ID” texnologiyası keçmişdə qalsa da, “iPhone 8” və “iPhone 8 Plus” modellərinin yaxın bir neçə ildə istehsalının dayandırılacağı ehtimal olunmur.
 
Yeni qabaqcıl “Apple” modellərinin təxmini qiyməti barədə hələlik məlumat verilmir.

Nizam Nuriyev 





07/11/17    Çap et