Ceff Bezos: “Dünyanın xilası üçün kosmosu tez mənimsəmək lazımdır”
“Amazon” şirkətinin rəhbəri, “Blue Origin” aerokosmik şirkətinin sahibi Ceff Bezos Los-Ancelesdə kosmosun mənimsənilməsinə həsr edilən sammitdə iştirak edərək kosmosun mümkün qədər tez mənimsənilməsi ilə bağlı çıxış edib. O qeyd edib ki, kosmosa uçuşlar nə qədər ucuzlaşsa, onu bir o qədər asan və tez mənimsəməyə başlamaq mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hi-News” resursuna istinadən yazır ki, onun sözlərinə görə, Günəş sisteminin əksər planetlərinə robotlaşdırılmış zondların göndərilməsi, sözsüz, sevindirici haldır, lakin bu hələ kosmosun fəthinə başlamaq demək deyil.
“Kosmosun həqiqi tədqiqinə başlamaq üçün yüz minlərlə, milyonlarla insanın kosmosda daimi işləyib yaşaması üçün şərait yaratmaq lazımdır, bunu isə hazırda etmək çətindir. Başlıca problem kosmik radiasiya və ya qravitasiyanın olmaması yox, kosmik uçuşların qiymətinin bahalığıdır. Məhz qiymət kosmosun mənimsənilməsində növbəti addımın atılmasına imkan vermir”, - o bildirib.
Məlumata görə, C.Bezos hamını kosmik uçuşların qiymətinin ucuzlaşdırılması üzərində çalışmağa çağırıb. O vurğulayıb ki, bu, öz növbəsində kosmik turistlərin, çəkisizlik şəraitində fəaliyyət göstərmək və pul qazanmaq, kosmik infrastrukturu inkişaf etdirmək və yeni, qeyri-adi şəraitdə yaşamağı öyrənmək istəyən yüzlərlə şirkətin yaranmasına səbəb olacaq.
“Çoxistifadəli raketlər uçuşların ucuzlaşdırılması üçün ilk addımdır. “Buna görə “SpaceX” və “Blue Origin” kimi şirkətlər gələcək imkanları öz əllərində saxlayır”, - C.Bezos vurğulayıb.
Nizam Nuriyev