Maliyyə sektorunda kibercinayətlərin sayında artım müşahidə olunur
Avropa İttifaqının “Europol” polis təşkilatının rəhbəri Rob Ueynrayt maliyyə sahəsində kibercinayətlərin sayının artmasını bəyan edib. Onun sözlərinə görə, hər gün fırıldaqçı proqram təminatından istifadə edilməklə təxminən 4 min hücum həyata keçirilir, haker qruplaşmalarının texnoloji potensialı isə mühüm infrastruktur üçün təhlükə törətməyə başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
SecurityLab” resursuna istinadən yazır ki, təşkilat rəhbərinin sözlərinə görə, kibercinayətkarların bacarıqlarının artması ilə əlaqədar bir sıra qruplaşmalar mürəkkəb təşkilati infrastruktura malik “birliklər” yaradıblar. R.Ueynrayt hakerlərin Avropa İttifaqının mühüm infrastrukturu, o cümlədən maliyyə və bank sektoru üçün real təhlükə yarada biləcək imkanlara malik olmalarından ciddi narahatlıq ifadə edib. O əlavə edib ki, kibercinayətkarlar hətta ödəniş sistemlərinə və bankomatlara hücumlar edirlər.
Təşkilat nümayəndəsi qeyd edib ki, fırıldaqçı “WannaCry” proqram təminatı və oxşar proqramların hücumları kiberhücumların dinamikasını dəyişib, virusa yoluxmanın miqyasını genişləndirib. Fırıldaqçı proqram təminatının yayılması üzrə kampaniyaların sürətlə artması təşkilatların şəbəkələri getdikcə aqressivləşən hakerlərdən qorumaq iqtidarında olmadığını göstərir. R.Ueynraytın sözlərinə görə, onlar vacib infrastrukturun, eləcə də korporativ və dövlət şəbəkələrinin fəaliyyətini pozmaq qabiliyyətində olduqlarını açıq-aydın nümayiş etdiriblər.
“Europol” rəhbəri bildirib ki, təşkilat tərəfindən hər il bu və ya digər kibertəhlükə tiplərinin miqyasının iki və ya üç dəfə artımı qeydə alınır. Onun sözlərinə görə, təşkilatın qarşılaşdığı kibercinayətkarların əksəriyyəti rusdillidir.
Ötən il bir neçə ölkənin hüquq-mühafizə orqanları tərəfindən “DarkNet” şəbəkəsində pulların yuyulması və narkotiklərin satışı üzrə xidmətlər göstərən 20 cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb.
Bundan əvvəl “Europol” mobil operator və provayderləri “CGNAT” texnologiyasının qanun keşikçilərinə kibercinayətkarların internetdə izlənilməsinə mane olması səbəbindən həmin həldən imtina etməyə çağırıb.
Nizam Nuriyev