“Ford” zavodlarının işçiləri ekzoskeletlərlə təchiz ediləcək
“Ford” şirkəti zavodlarda çalışan işçilərin əzələ gərginliyini azaltmağa kömək edəcək ekzoskeletlərin sınağına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, “EksoVest” adlanan ekzoskelet “Ekso Bionics” şirkəti tərəfindən “Ford” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. O, hər əlində 2,2-6,8 kiloqramadək ağırlıqları qaldırmağa kömək edərək insan bədəninin yuxarı hissəsində əzələ gərginliyini azaltmağa imkan verir. Qeyd olunur ki, ekzoskelet əzələ və zehni yorğunluqla əlaqədar istehsalat zədələnmələrinin qarşısını almaqda yardımçı ola bilər. Avtomobil istehsalçısının hesablamalarına görə, “Ford” zavodlarının bir sıra işçiləri gündə əllərini orta hesabla 4600 dəfə qaldırırlar. Bununla yanaşı vurğulanır ki, “EksoVest” zavodda, tikintidə, paylayıcı mərkəzlərdə və s. yerlərdə yükləmə ilə məşğul olan işçilər üçün nəzərdə tutulub.
Hazırda “EksoVest” ekzoskeletləri ABŞ-da iki zavodda test edilsə də, “Ford” gələcəkdə onlardan Avropa və Cənubi Amerika zavodlarında istifadəyə başlamağı planlaşdırır.
Nizam Nuriyev