BMT-nin Baş katibi: “Qorxu və şübhələr süni intellektin inkişafını dayandırmamalıdır”
Robot texnikasının inkişafı insan həyatına necə təsir göstərəcək? Yeni "Frankenşteyn" yaratmaq təhlükəsi varmı? Robotlara etik prinsipləri aşılamaq mümkündürmü? Bu və başqa suallar YUNESKO-da süni intellekt sahəsində ekspertlər tərəfindən müzakirə edilib. Nyu-Yorkda jurnalistlər qarşısında çıxış etmiş BMT-nin Baş katibi Antonio Quterreş yeni texnologiyaların üstünlüklərindən istifadəyə və onlarla bağlı təhlükələri neytrallaşdırmağa səsləyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
un.org” saytına istinadən yazır ki, YUNESKO-da süni intellektdən istifadənin etik aspektləri haqda müzakirə ərəfəsində bu mövzuya dair hesabat təqdim edilib. Hesabat müəllifləri qeyd edirlər ki, koqnitiv xüsusiyyətlərə malik obyektlər qeyri-müəyyənliyi ilə seçilir, onların hərəkəti isə təsadüfi vəziyyətlər və əvvəlki təcrübəyə əsaslanır. Onların cəmiyyətdə geniş yayılması insanın davranışına təsir göstərməsi, formalaşdıracağı sosial və mədəni dəyişikliklərlə əlaqədar suallar yaradır. Həmçinin təhlükəsizlik, şəxsi həyatla bağlı problemlər ortalığa çıxır.
Müasir texnologiyaların çox sürətli inkişafı BMT-nin Baş katibini də narahat edir. O, Nyu-Yorkda jurnalistlərin suallarına cavab verərkən deyib ki, bir çox məsələlər bəşəriyyətin yeni kəşflərdən necə istifadə edəcəyindən asılıdır.
"Biz genetik mühəndisliyin köməyi ilə qorxunc xəstəliklərdən xilas ola, həmçinin bədheybətlər yarada bilərik. Süni intellekt bizə həyat şəraitini yaxşılaşdırmağa, hətta Davamlı İnkişaf Məqsədlərinə nail olmağa imkan verə bilər. Amma eyni zamanda Stiven Xokinq dediyi kimi, süni intellekt bəşəriyyətə qarşı təhlükəyə çevrilə bilər" – BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Bu halda Antonio Quterreş bildirib ki, qorxu və şübhələr yeni texnologiyaların inkişafını dayandırmamalıdır. Bu texnologiyaların üstünlüklərindən istifadə etmək və onlarla bağlı potensial təhlükələri tənzimləmək haqda ciddi düşünmək lazımdır.
Emil Hüseynov