Süni intellekt yeni materialların yaradılmasına kömək edəcək
Massaçusets Texnologiya İnstitutunun, Massaçusets Amherst Universiteti və Berkli Kaliforniya Universitetinin tədqiqatçılar qrupu elmi məqalələrdə dərc edilən məlumatlar əsasında yeni materialların hazırlanması metodunun axtarışı üçün süni intellekt sisteminin hazırlanması ilə məşğuldur. Tədqiqatçılar milyonlarla məqalədən götürülən materialların hazırlanması üzrə “reseptləri” özündə birləşdirən məlumat bazası yaratmaq niyyətindədirlər. Lazımi materialın adını və digər parametrlərini (mənbə materialları, reaksiya şərtləri, hazırlanma prosesləri və s.) sorğu verərək daxil etdikdən sonra sistem onun əldə olunması üsulunu təklif edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, sistem məqalədə hazırlanma metodunun təsvir olunduğu yeri, orada hansı və nə qədər materialdan istifadə olunmasını, hazırlanmanın aparıldığı şəraiti və avadanlığı və s. müəyyənləşdirə bilir. Müəlliflərin əllə müəyyənləşdirilmiş məqalələr üçün hazır bazaya malik olmaması səbəbindən onun genişləndirilməsi üçün “Google” şirkətinin “Word2vec” alqoritmindən istifadə olunub. Alqoritm mətnləri analiz edərək eyni kontekstdə tez-tez rast gəlinən sözləri müəyyənləşdirir. Onun vasitəsilə sistemin təlimi üçün bazanı 640 min məqaləyədək genişləndirmək mümkün olub.
Nizam Nuriyev