Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Dövlət İqtisad Universiteti məzunlar üçün əmək yarmarkası keçirib
13 oktyabr 2011-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Məzun Yarmarkası keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan bu yarmarkada 100-ə yaxın dövlət qurumu, şirkət, holdinq və banklar iştirak edib.
Sayca beşinci olan bu yarmarkada həm Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), həm də digər ali təhsil ocaqlarının məzunları iştirak edə biliblər.
Tədbirin keçirilməsinin əsas məqsədi öz biliyinə arxayın olan gənclərə iş tapmaqda yardım etmək idi. Universitet məzunları yarmarkada bu iş yerləri ilə tanış olmaq, özlərinə uyğun gələn vakansiya haqda ətraflı məlumat almaq imkanı qazandılar.
Yarmarkada respublikanın rəsmi təşkilatları - nazirliklər və komitələr, həmçinin ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlər vakant iş yerləri haqqında məlumat verilib.
"Azercell Telekom" MMC də Məzun Yarmarkasının aktiv iştirakçılarından biridir. Şirkət hər dəfə məzunlar üçün keçirilən əmək yarmarkasında ayrıca stendlə iştirak edir.
Şirkətin nümayəndələri Azercelldə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edir, onların suallarını cavablandırır və konkret hallarda məsləhətlər də verirlər.
"Azercell Telekom" MMC-nin Korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə yarmarkanın açılış mərasimindəki çıxışında təmsil etdiyi nüfuzlu şirkətdə karyera qurmaq imkanları barədə danışıb.
Yarmarkada ictimai sektorda uğurlu karyera qurulması, layihə menecerliyi, məzunların marketinq sahəsində işləməsi və s. mövzular haqqında məlumatlar verilib. Bu dəfə Məzun Yarmarkası Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin dəstəyi ilə keçirilib.
Bu il 80 illik yubileyini qeyd edən ADİU iqtisadiyyatın bütün sahələri üçün yüksək səviyyəli və peşəkar kadrlar hazırlayır. Universitetin təşkil etdiyi belə tədbirlər bütün ölkə üzrə ali təhsil ocaqları məzunlarının iş tapması, karyera qurması üçün gözəl şans verir.
Öz növbəsində, "Azercell Telekom" MMC də istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Azercellin təşəbbüsü ilə şirkətdə mütəmadi olaraq Karyera Günləri keçirilir, gənclərə şirkətin fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.
Bundan əlavə, Azercellin Barama layihəsi çərçivəsində də istedadlı gənclərin şirkətlə əməkdaşlığının əsası qoyulur, onlara öz bacarıqlarını nümayiş etdirməyə imkan yaradılır.
14/10/11 Çap et