Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşlək kvant qurğu prototipi yaradılıb


Vyana Universitetinin mütəxəssislər qrupu dünyada ilk kvant router yaradaraq ilkin uğurlu sınaqlarını keçirib. Bu, dolaşıq fotonları qəbul etməklə yanaşı, onları ötürə bilən ilk qurğudur. Bundan başqa, routerdə istifadə olunan sxem kvant internetinin yaradılmasının əsasını təşkil edə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, məlum olduğu kimi, kvant rabitə sistemləri kvant dolaşıqlıq xüsusiyyətləri sayəsində işləyirlər ki, bu da ötürülən məlumatların təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə imkan verir. Lakin hazırda məlumatları birbaşa yalnız bir istifadəçidən digərinə göndərmək mümkündür. İnformasiya axınını standart optik-lif şəbəkələri vasitəsilə ötürmək qeyri-mümkündür, çünki onlar işığı udaraq dolaşıqlığı pozurlar. Buna baxmayaraq Rudolf Ridingerin rəhbərlik etdiyi tədqiqatçılar qrupu bu məhdudiyyətləri aradan qaldırmağa kömək edən qurğu yaratmağa nail olub.  
 
Bildirilir ki, alimlər 5,1 QHs tezliyindən istifadə edərək vibrasiya tezliyi kvant informasiyasını saxlamağa imkan verən 500 silisium rezonator yaradıblar. Bütün rezonatorlar onlar üçün uyğun cütün olmasına görə sınaqdan keçirilib. Ümumilikdə 5 cütdən istifadə olunub və rezonatorları sıfır dərəcəyədək soyudan soyuducuya yerləşdirilib. Daha sonra onlar 20 sm uzunluğunda optik kabellə bir-birinə birləşdirilib.
 
Qrup rəhbərinin sözlərinə görə, belə nanorouterlər adi rabitə şəbəkələrindən fərqli olaraq fotonları dolaşıq vəziyyətdə saxlaya bilirlər. “Biz onu 20 santimetrdən bir neçə kilometrədək və hətta daha çox məsafəyədək artırmaq üçün maneə görmürük. Təqdim edilən sistemi çoxsaylı qurğular üçün genişləndirərək onu real kvant şəbəkəsinə inteqrasiya etmək olar. Bizim əldə etdiyimiz nəticələrin kvant informasiyasını daşıya bilən optik şəbəkələrlə birləşdirilməsi gələcək kvant interneti üçün əsas ola bilər”, - mütəxəssis qeyd edib.

Nizam Nuriyev 





24/11/17    Çap et