Bu ölkədə dünyada ən böyük akkumulyator quraşdırılıb
“Tesla Motors” şirkəti Cənubi Avstraliya ştatında “Tesla Powerpack” adlı dünyada ən böyük litium-ion akkumulyatorunun quraşdırılması işlərini bitirib. Tezliklə yekun testlər keçiriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, gözləntilərə görə, akkumulyator 1 dekabrdan etibarən Cənubi Avstraliya ştatını elektrik enerjisi ilə təmin etməyə başlayacaq.
"Akkumulyatoru rekord müddətə hazırlamaq və quraşdırmaq üçün böyük səy göstərən Tesla komandasını və Cənubi Avstraliya ştatının hakimiyyətini təbrik edirəm" – şirkətin direktoru İlon Mask “Twitter”də yazıb.
Ümumi gücü 100 Mvt olan akkumulyator batareyasının yaradılması üzrə işləri 2017-ci ilin dekabrınadək bitirmək planlaşdırılırdı. Akkumulyator batareyasının tutumu 129 Mvt/saat təşkil edəcək. Bu, 30 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.
Ötən ilin sentyabrından əlverişsiz hava şəraitinə görə Cənubi Avstraliyada elektrik enerjisinin söndürülməsi halları tez-tez baş verir. Qasırğa infrastruktur obyektlərinə zərər vurub və təxminən 1,7 milyon insanı işıqsız qoyub.
Emil Hüseynov