2018-ci ilin əvvəlində yeni nəsil texnologiyası üzrə hazırlanmış televizor təqdim ediləcək
“Samsung Electronics” şirkəti gələn ilin əvvəlində keçiriləcək istehlak elektronikası sərgisində mikro işıq diodlardan istifadə nəticəsində hazırlanmış televizorunu təqdim edəcək. “ZDNet Korea” nəşri yazıb ki, təqdim olunacaq televizorun diaqonalı 150 düym təşkil edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
hightech.fm” saytına istinadən yazır ki, mikro işıq diodları ekran texnologiyası üzrə yeni nəsil hesab olunur, çünki daha kontrast təsviri təmin etməyə və “OLED” texnologiyası ilə müqayisədə istehsal prosesini sadələşdirməyə imkan verir. Bu texnologiyanın kommersiyalaşdırılması insan saçı qalınlığında işıq diodlarının istehsalı üzrə texniki çətinliklər və istehsal prosesinin baha başa gəlməsi baxımından təxirə salınırdı. Çox güman ki, “Samsung” şirkəti bu problemləri aradan qaldırıb.
Mikro-LED texnologiyasının hazırlanması prosesi çətin məsələdir. Hər bir işıq diodunun ölçüsü 100 mikrometrdən azdır və hər bir mikroçip piksel kimi işləyir. Lakin bu texnologiya öz etibarlığını sübut edə bilsə, onda enerji sərfiyyatını azaltmağa və “OLED” texnologiyasına xas olan bir sıra problemlərdən xilas olmağa imkan verəcək.
Emil Hüseynov