Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “ağıllı” kontakt linzaları təqdim edib


Bu yaxınlaradək qanda şəkərin miqdarını ölçən “ağıllı” kontakt linzalarının yaradılması üzərində çalışan “Google” şirkəti ixtira üçün patent hüququ alıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “HiTech-News” resursuna istinadən yazır ki, linzalar qanda şəkərin miqdarını ölçməklə yanaşı, ölçmənin nəticələrini miniatür simsiz rabitə modulu vasitəsilə mobil qurğu əlavəsinə göndərir.
 
Bildirilir ki, bu tip kontakt linzaları əksər şəkərli diabet xəstələri üçün xüsusilə xəstəliyin mürəkkəb formasında əsl xilasedici rolunda çıxış edə bilər. Belə xəstələr üçün qanda şəkərin səviyyəsini daim bilmək böyük əhəmiyyət kəsb edir. Linzaların buraxılışı üçün “Google” 2014-cü ilin iyulunda “Novartis” şirkəti ilə layihə üzrə birgə əməkdaşlığı nəzərdə tutan saziş imzalayıb.
 
Məlumata görə, layihənin yaradılmasında “Google X” metodlarından istifadə olunub. Bu, elmdə “Google Glass” və robot texnikası vasitələri kimi ön planda olan layihələrin tədqiqi və həyata keçirilməsi üzrə fəaliyyət istiqamətləridir. Belə ki, portativ qurğuda işləyən “Google X” xərçəng hüceyrələrini izləyə bilir. Detektor xüsusi maqnit bilərziklər vasitəsilə işləyir, qanda mümkün xərçəng hüceyrələrinin aşkarlanması üçün işləyən nanorobotların monitorinqini və nəzarətini həyata keçirir.
 
Bu dəfə də şirkətin daha bir layihəsi reallığa çevrilmək üzrədir. İstifadəçilərə isə yalnız “ağıllı” linzaların satışa nə vaxt çıxarılacağını gözləmək qalır.

Nizam Nuriyev 





27/11/17    Çap et