Elastik robot çəkisindən min dəfə ağır yükləri qaldıracaq
Harvard və Massaçusets texnologiya institutlarının tədqiqatçıları çəkisindən təxminən min dəfə ağır yükləri qaldıra bilən elastik robot yaradıblar. Robotun süni əzələləri plastik və metaldan düzəldilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, alimlərin təqdim etdiyi robotlaşdırılmış “əl” skeleti plastik konteyner paketli yüngül metal konstruksiyadan hazırlanıb. Paketlərdən hava sorulub çıxarılan zaman skelet yay kimi sıxılaraq qoşulmuş yükü qaldırır. Yükü aşağı salmaq üçün “əli” hava ilə doldurmaq tələb olunur.
Tədqiqatçıların sözlərinə görə, çəkisi 3 qram təşkil edən “əl” 3 kiloqramadək yükü qaldıra bilir. Robotun maya dəyəri azdır: alimlər sadə nümunənin yığılması üçün 1 dollar və 10 dəqiqəyə yaxın vaxt sərf ediblər.
Bu, robotların hazırlanmasında orijinal layihə olmasa da, tədqiqatçılar ağırlıqların qaldırılması üçün çox ucuz və yüngül qurğu yaratmağa nail olublar. Onların sözlərinə görə, robotu istehsalatda istifadə etməklə yüklərin qaldırılma prosesini ucuzlaşdırmaq və insan zədələnmələrinin riskini azaltmaq olar.
Nizam Nuriyev