Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda MobilBank-ın yeni versiyanının istismarı üzrə təlimat təqdim edilib


"AzeriCard" prosessinq mərkəzi mobil bankinqin yeni versiyasına qoşulma üzrə təlimatı təqdim edib və istismara verib. Bu barədə "AzeriCard"ın biznesin inkişafı şöbəsinin rəhbəri Cahangir Məmmədov bildirib.

Onun sözlərinə görə, MobilBank xidmətinin abonenti olmaq üçün mobil operatorlarının ofislərinə gedib Sim-kartı dəyişmək və banka müraciət etməyə daha ehtiyac yoxdur, ATM-dən qeydiyyat parollarını çap etmək və telefona internet vasitəsilə xüsusi midleti yükləmək kifayətdir.

"İstifadəçi kartı bankomata daxil etdikdən sonra menyuda "xidmətlər" bölməsini, sonra "MobilBank qeydiyyatı"nı seçir. Sonda seriya nömrəsi və dörd komponent - yəni proqramı aktivləşdirmək üçün dörd açar olan çek çap edilir.

Sonra istifadəçi proqramı açır və menyunun mərhələlərinə uyğun olaraq seriya nömrəsini və növbə ilə hər komponentə uyğun olaraq açarı daxil edir. Bu proseduru keçəndən sonra mobil bankinq xidmətlərindən istifadə etmək hüququnu əldə etmək olar", - Məmmədov bildirib.

Prosessinq mərkəzinin səhifəsində artıq MobilBank xidmətinin yeni versiyasına qoşulan bankların siyahısı və Java MIDP 2.0 və JAVA BIS (yalnız Blackberry Messenger-ə qoşulmuş Blackberry telefonları üçün) versiyalarını yükləmə linkləri yerləşdirilib.

Xidmət bu gün 11 bank tərəfindən təklif edilir. Bankların siyahısı yavaş-yavaş artacaq. Məmmədovun sözlərinə görə, MobilBank-ın yeni versiyasının özəlliklərindən biri də konkret mobil operatora bağlı deyil və mobil ödənişlərə çıxış hər üç operatorun (Bakcell, Azercell və Azefon), eləcə də dünyanın digər operatorlarının abonentləri üçün mümkündür. Proses məlumat ötürülməsi texnologiyaları (GPRS, EDGE, Wi-Fi və s.) ilə həyata keçirilir.

MobilBank xidməti balansa baxmağa, qoşulmuş kartların hesabdan çıxarışlarını almağa, kartı bağlamağa (itirilmə və oğurlanma hallarında), kartdan-karta ödənişlər etməyə, mobil operatorların, internet-provayderlərin, telefon danışıqlarının, kommunal xidmətlərin və s. haqlarını ödəməyə imkan verir. Mərhələli şəkildə mobil bankinq sisteminə mərkəzin göstərdiyi digər xidmətlər də qoşulacaq.

Hazırda Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "AzeriCard" həm Azərbaycanda, həm də ondan kənarda 30 banka xidmət göstərir. Onlardan 28-i beynəlxalq ödəniş sistemlərinin üzvləridir. Azərbaycanda 44 bank fəaliyyət göstərir.




15/10/11    Çap et