Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” şəbəkəsi ilə işləyən ilk “Huawei” smartfonu buraxılacaq


“Huawei” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işləyən smartfon buraxmağı planlaşdırır. Bu barədə şirkətin baş direktoru Yu Çendun Çində keçirilən dördüncü Ümumdünya İnternet Konfransında (World Internet Conference) bildirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şirkət rəhbəri məlumat verib ki, ilk “5G” smartfonunun 2019-cu ilin ikinci yarısında satışa çıxarılması nəzərdə tutulur. Onun proqnozuna görə, o vaxtadək yeni rabitə standartı dünyanın əksər ölkələrində fəaliyyət göstərəcək. Y.Çendunun sözlərinə görə, yeni smartfon “5G” şəbəkəsini dəstəkləməklə yanaşı, süni intellektlə dərin inteqrasiya ilə təchiz olunacaq. Xatırladaq ki, bu il Çin istehsalçısı neyroşəbəkələrlə iş üçün nəzərdə tutulan “Kirin 970” prosessorunu təqdim edib.
 
Bildirilir ki, “Huawei” şirkətinin “5G” standartının hazırlanması və inkişafında dünya lideri olması nəzərə alınmaqla Çində səslənən fikirlər təəccüb doğurmur. Ötən ay şirkət “5G” şəbəkəsində məlumatların 1Qbit/saniyə sürətində ötürülməsinin uğurlu sınağını keçirib.
 
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
 
Nizam Nuriyev 





05/12/17    Çap et