Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Caonu qəbul edib.
 
Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
 
Dövlətimizin başçısı Azərbaycanda XXIII “Bakutel-2017” sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Caonun “Bakutel-2017”-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirdi.
 
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Cao XXIII “Bakutel-2017” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd etdi. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-up layihələri ilə tanış olduğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirdi.
 
Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.





05/12/17    Çap et