Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran naziri: Azərbaycanda rabitə və telekommunikasiya sahəsi çox inkişaf edib
Azərbaycanda rabitə və telekommunikasiya sahəsi çox inkişaf edib. Bu həm də ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyinin bariz nümunəsidir.
"ICTnews" Elektron Xəbər Xidməti “AZƏRTAC”a istinadən yazır ki, bu fikirləri İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi "Bakutel -2017" sərgisində KİV nümayəndələrinə müsahibəsində deyib.
Nazir qeyd edib ki, İran İslam Respublikasından “Bakutel” telekommunikasiya-informasiya texnologiyaları sərgisində bir sıra şirkətlər telekommunikasiya sahəsində öz məhsullarını və xidmətlərini təqdim edir. Sözügedən şirkətlər bu sahədə İranın və eləcə də regionun tanınmış şirkətləridir.
“Sərgi həm də bizim şirkətlər üçün yeni bazarlar tapmaq imkanı deməkdir. Ümidvarıq ki, burada özümüzə yeni tərəfdaşlar tapacaq, əməkdaşlıq münasibətləri quracağıq”, - deyə nazir bildirib.
İranla Azərbaycan arasında rabitə sahəsində geniş əlaqələrin mövcud olduğunu söyləyən nazir bildirib ki, poçt sahəsində yeni əməkdaşlığa başlanılıb:“İki ölkənin poçt qurumları əməkdaşlıqla bağlı müqavilə imzalayıblar. Bundan başqa, dəmiryolu ilə daşımalar da ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcək”.
05/12/17 Çap et