Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kəndlərin genişzolaqlı internetə qoşulmasına start verilib
Bölgələrdə bütün kəndlərdə genişzolaqlı internetə çıxışın təmin edilməsi məqsədilə işlərə başlanılıb. Bu barədə “ictnews”-a “Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.
Onun sözlərinə görə, birinci mərhələdə müxtəlif regionlar üzrə müxtəlif kəndlərdə 25 min port DSLAM avadanlığı qurulacaq. Burada 20 rayon mərkəzi və 145-ə yaxın kənd nəzərdə tutulur.
İşlər “Huawei” şirkətinin avadanlıqları ilə həyata keçirilir. Layihənin daha mükəmməl və keyfiyyətli alınması və internetin daha sürətli şəkildə kəndlərə çatdırılması məqsədilə əlavə avadanlıqlar da qurulur.
“Layihənin həyata keçirilməsi sakinlərin daha keyfiyyətli və sürətli internetlə təmin olunmasına şərait yaradacaq”- deyə Vəliyev bildirib. Qeyd edək ki, belə bir layihə MDB dövlətləri sırasında ilk dəfə olaraq Azərbaycan tərəfindən həyata keçirilir.
15/10/11 Çap et