Ən effektiv və uğurlu şirkətlərin reytinqi açıqlanıb
ABŞ iqtisadçısı Piter Drukerin əsas ideyaları əsasında qurulan ən effektiv və uğurlu 250 şirkətin reytinqi dərc olunub. Siyahıda ikinci yeri tutan “Apple” korporasiyası liderliyi “Amazon” şirkətinə verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Macdigger” resursuna istinadən yazır ki, “iPhone” istehsalçısı dünyanın ən bahalı korporasiyası olmasına baxmayaraq birinci yeri tuta bilməyib. P.Druker reytinqində maliyyə uğurları ilə yanaşı, alıcıların şirkətlərin fəaliyyətindən məmnunluğu və onların yaratdıqları innovativ məhsulların cəmiyyətə təsiri nəzərə alınır.
Bildirilir ki, reytinq tərtibatçıları ABŞ-da fəaliyyət göstərən 608 şirkəti tədqiq edərək onları xüsusi sistem vasitəsilə 37 parametr üzrə qiymətləndiriblər. Tədqiqat zamanı şirkətlərin maliyyə göstəriciləri, onların patentləri və “Glassdoor” iş axtarışı saytının istifadəçilərinin fikirləri nəzərə alınıb.
Məlumata görə, TOP 250-də üçüncü yeri “Google” şirkəti tutub. İlk onluğa, həmçinin “Microsoft”, “Cisco” və “Nvidia” şirkətləri daxildir.
“Apple” şirkəti tez-tez müxtəlif reytinqlərdə yer alaraq lider mövqelər tutur. Məsələn, bu yaxınlarda şirkət ən yaxşı işəgötürənlər reytinqində dördüncü yerə layiq görülüb.
Nizam Nuriyev