Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2018-ci ildə rəqəmli media sahəsində nə kimi yeniliklər gözlənilir?
Rəqəmli media sənayesində xeyli dəyişikliklər baş verir. İndi multimedia mətnlərinə üstünlük verilir. 2018-ci ildə rəqəmli media sənayesində aşağıdakı dəyişikliklər gözlənilir:
1. Ənənəvi telekanallar “Netflix”in yolunu davam edəcək
Ekspertlər telekanallar üçün orijinal məzmundan ibarət qızıl əsr proqnozlaşdırır. 2018-ci ildə “Netflix”in daha çox rəqibi peyda olacaq. Ənənəvi kabel kanalları və televiziya operatorları axınlı yayım bazarına çıxmaqla məşğul olacaq. “Amazon”, “Apple” və başqa İT nəhəngləri bu istiqamətdə daha çox aktivlik göstərməyə başlayacaqlar.
2. Böyük məlumatlar tamaşaçı seçimlərini dəqiq proqnozlaşdırmağa kömək edəcək
“Netflix”, “Amazon” və “Facebook” istifadəçilər barəsində böyük məlumatlar toplayan mexanizmlərini inkişaf etdirirlər. Şirkətlər uğurlu multimedia məzmunu yaratmaq üçün bu mexanizmlərdən istifadə etmək istəyirlər. Geniş tamaşaçı kütləsinin seçimini öyrənməklə onlar uğursuz məzmunun sayını azaltmaq istəyirlər.
3. Fərdiləşdirilmiş məzmunun yayılması
Bu bənd əvvəlki bəndlə əlaqəlidir, amma bütün media və rəqəmli əyləncələr sənayesi üçün daha qlobal proqnozu təmin edir. Məzmun istehlakçıları haqda məlumatın toplanılması yalnız “Netflix” kimi internet şirkətləri üçün deyil, həm də media bazarının ənənəvi iştirakçıları üçün adi bir işə çevriləcək. Onlar, həmçinin hər bir oxucu, tamaşaçı üçün müvafiq fərdiləşdirilmiş məzmun yaratmağa başlayacaqlar.
4. AR və VR texnologiyalarının kütləvi tətbiqi
“Apple”, “Google” və “Facebook” öz virtual və artırılmış reallıq layihələrinin büdcəsini artıracaqlar. Şirkətlər artırılmış reallıq eynəklərinin tətbiqi üzrə yeni üsullar axtarmağa davam edəcəklər. 2018-ci ildə, həmçinin virtual reallıq qurğularının imkanlarını genişləndirən müxtəlif daşınan qurğular çıxarılacaq. İndi şirkətlər üçün bu sahədə uğur qazanmaq çox vacibdir. Bu sahədə liderliyi ələ keçirəcək şirkət artırılmış və virtual reallıq texnologiyasının yeni formatlarının bütün üstünlüklərini maksimum dərəcədə kommersiyalaşdırmaq imkanı əldə edəcək.
5. Süni intellekt və blokçeyn media biznesini dəyişdirməyə başlayacaq
Səsli köməkçilər əsasən Qərb dünyası üçün aktualdır. Süni intellektə əsaslanan texnologiyalar yalnız adi məişət əməliyyatlarını asanlaşdırmır, həm də multimedia məhsulundan istehlak modelini tamamilə dəyişdirir.
Başqa qabaqcıl texnologiya sayılan blokçeyn, həmçinin media biznesdə tətbiq ediləcək. Bu texnologiya media məzmunun istehsalçısından istehlakçıya birbaşa və təhlükəsiz çatdırılmasını təmin etməklə intellektual piratçılıqla mübarizə aparmağa imkan verəcək.
Emil Hüseynov
06/12/17 Çap et