Süni intellektlə təchiz edilmiş “View 10” adlı qabaqcıl smartfon təqdim edilib
“Honor” şirkəti “View 10” (V10) qabaqcıl smartfonunu rəsmən təqdim edib.
“Honor V10” smartfonu 1080x2160 təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 təşkil edən 6 düymlük ekran, 6 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib, həmçinin “microSD” kartı üçün slot nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, smartfona qurulmuş “Huawei Kirin 970” prosessoru müxtəlif proqramlarda kompüter təlimindən istifadəyə imkan verən neyron soprosessoru ilə təchiz edilib. Məsələn, smartfonun süni intellekti istifadəçinin davranışını izləyərək onun vərdişlərinə uyğunlaşır. Bundan başqa, süni intellekt çəkiliş zamanı süjet və obyektləri tanıyır və şəkillərin yaxşı alınması üçün kameranın sazlamalarını avtomatik dəyişdirir.
Smartfon 20 meqapiksellik monoxrom və 16 meqapiksellik RGB modula malik ikiqat əsas kameraya malikdir. Qurğunun ön kamerasının təsvir ölçüsü 13 meqapiksel təşkil edir. Smartfon, həmçinin “3D Facial Animation” funksiyası ilə təchiz edilib. Bu funksiya “Apple”ın son smartfonlarında istifadəyə verilmiş və qurğu sahibinin üzündəki mimikanı ekrandakı animasiyalı təbəssümə daşımağa imkan verən “Animoji” funksiyasının analoqudur. Bundan başqa, “V10” smartfonunu yalnız qurğu sahibinin barmaq izi ilə deyil, həm də sifətin tanınması sisteminin köməyi ilə blokdan çıxarmaq mümkündür.
Smartfon “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir və akkumulyator batareyasının tutumu 3750 milliamper/saat təşkil edir. Akkumulyator sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir, yəni 30 dəqiqə ərzində batareyanı 50% səviyyəsində enerji ilə doldurmağa imkan verir.
Avropa və ABŞ-da “Honor V10” smartfonu 8 yanvar tarixində satışa çıxarılacaq. Qara və göy rəngli korpuslarda əlçatan olacaq smartfonun qiyməti 500 avro təşkil edəcək.
Emil Hüseynov