Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Snapdragon 835” prosessorlu ilk “Windows” noutbukları təqdim olunub


“HP” və “ASUS” şirkətləri “Qualcomm Snapdragon” mobil prosessorları əsasında yaradılan “Windows” sistemli ilk noutbuklar təqdim ediblər. “Microsoft” korporasiyası qurğuları daim qoşulmuş fərdi kompüterlər adlandırır. Noutbuklar dördüncü nəsil rabitə şəbəkələrində (4G) işi dəstəkləməklə məlumatları 1 Qbit/saniyə sürətində ötürmə imkanına malikdir. Lakin əsas fərqləndirici cəhət avtonom iş vaxtıdır: qurğular enerji ilə tam doldurulmaqla aktiv rejimdə bir gün və ya gözləmə rejimində bir həftə işləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “HP Envy x2” və “ASUS NovaGo” noutbukları “Snapdragon 835” mobil prosessoru əsasında qurulub. Eyni prosessor “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər qabaqcıl smartfonlarda quraşdırılıb. Bundan başqa, yeni qurğular 8 giqabaytlıq operativ və 256 giqabaytlıq (NovaGo modelində UFS 2.0 standartlı sürətli yaddaşdan istifadə edilir) quraşdırılmış yaddaşla təchiz olunub. Hər iki qurğu 2018-ci il sentyabrın 30-dək “Windows 10 Pro” sisteminədək pulsuz yeniləmə imkanı ilə “Windows 10S” əməliyyat sistemi ilə tədarük olunur.
 
Məlumata görə, kənar klaviaturanı qoşmaq imkanına malik “HP Envy x2” planşet kompüterinin çəkisi 700 qram təşkil edir və 1920х1200 piksel təsvir ölçülü 12 düym diaqonallı “Corning Gorilla Glass 4” qoruyucu şüşəli sensor ekranla təchiz edilib. Həmçinin qurğu “Bang & Olufsen” şirkəti ilə əməkdaşlıqda yaradılan ön sterodinamikə malikdir.
 
Klassik noutbuk form-faktorlu “ASUS NovaGo” qurğusunun ekranını 360 dərəcə döndərmək mümkündür. Çəkisi 1,39 kiloqrama bərabər noutbuk 13,3 düym diaqonallı “Full HD” displeylə təchiz edilməklə “sRGB” diapazonunu 100 faiz əhatə edir və 1 024 basılma səviyyəsini tanımaqla “ASUS Pen” elektron qələmini dəstəkləyir. Noutbuk iki “USB 3.1” portu, “HDMI” və yaddaş kartı üçün slot daxil olmaqla bütün lazımi çıxışlarla təchiz edilib.   
 
Növbəti ilin yazında satışa çıxarılacaq “HP Envy x2” noutbukunun qiyməti hazırda açıqlanmayıb. “ASUS NovaGo” noutbukunun isə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilməsə də, 4 və 64 giqabayt operativ yaddaşa malik versiyanın qiyməti 599 dollardan, 8 giqabayt və 256 operativ yaddaşlı modelin 799 dollardan başlayacaq.

Nizam Nuriyev







07/12/17    Çap et