Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqı “5G” texnologiyasının spesifikasiyasını təqdim edib


Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ittifaqa daxil olan 192 ölkədə beşinci nəsil mobil rabitə texnologiyasının (5G) texniki spesifikasiyası üzərində işin davam etdirilməsi üçün əsas yaradan fevralda hazırlanmış "IMT-2020" layihəsini rəsmən təqdim edib. "ITU" tərəfindən hazırlanan sənədin son variantı ilkin layihədən az fərqlənir.  

"ICTnews" Elektron Xəbər Xidməti "Mediasat" resursuna istinadən yazır ki, sənədin orijinal mətnində "5G" texnologiyasına minimal tələblər təsvir edilməklə "5G" ilə uyğunluq təşkil edəcək qurğunun faylları minimum 20 Qbit/saniyə sürətində yükləməyə, 10 Qbit/saniyə sürətində isə göndərməyə imkan verəcək. Bu, bir istifadəçinin stasionar şəbəkə vasitəsilə genişzolaqlı internet şəbəkəsinə qoşulma zamanı əldə edə biləcəyi nəzəri sürətdir. Bundan başqa, "5G" texnologiyası 1 kilometr əhatə dairəsində 1 milyon istifadəçiyə xidmət göstərməyə imkan verəcək.  

"Beşinci nəsil" və ya "IMT-2020" rabitə standartı kimi tanınan "5G" kommunikasiyaları yeni səviyyəyə çıxaracaq rabitə standartıdır. Şəbəkənin əsas göstəricisi məlumatların minimum 10 Qbit/saniyə sürətində simsiz ötürülməsindən ibarətdir.

Yeni standartın əsas vəzifələrindən biri "Əşyalar interneti" texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə "5G" şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək "5G" insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri "ağıllı" idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin standart media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.

"5G"-nin tətbiq ediləcəyi təxmini tarix 2020-ci il hesab edilir. Müddət rabitə nəsillərinin mütəmadi dəyişməsi - təqribən on ildə bir dəfə nəzərə alınaraq hesablanıb və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsdiq edilib.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı BMT-nin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.

Nizam Nuriyev 





08/12/17    Çap et