Aeroportların dronlardan mühafizə sisteminin sınağı keçirilib
Almaniyanın "Hensoldt" şirkəti "Airbus" konserninin Finkenverder aeroportunda "Xpeller" pilotsuz uçan aparatlardan mühafizə sisteminin sınağını keçirib.
"ICTnews" Elektron Xəbər Xidməti "
NEWSru" resursuna istinadən yazır ki, "Xpeller" sisteminə radiolokasiya stansiyaları, televiziya və teploviziya kameraları, eləcə də radioelektron susdurma sistemləri daxildir. Sistemin imkanları aeroportun hava məkanında dairəvi müşahidənin təşkilinə imkan verir. "Xpeller" pilotsuz uçan aparatları 4 kilometrədək uzaqlıqda aşkarlaya və 1,5 kilometr məsafədə sıradan çıxara bilir.
Məlumata görə, keçirilən sınaqlar zamanı sistem dronları axtarıb və onların idarəetməsini söndürərək pilotsuz uçan aparatların olduğu yer barədə məlumatları təhlükəsizlik xidmətinə ötürüb. Mütəxəssislər tərəfindən eyni zamanda "Xpeller" komponentlərinin aeroport avadanlıqlarının fəaliyyətinə təsiri öyrənilib. Onların qənaətinə görə, dronların aşkarlanması sistemi hava limanının rabitə və radiolokasiya sistemlərinin işinə maneə törətmir.
Qeyd edək ki, dünyanın əksər ölkələrində dronların aeroportların yaxınlığında uçuşuna qadağa tətbiq edilir, bir sıra şirkətlərin GPS sistemi ilə təchiz edilən pilotsuz uçan aparatları isə hava limanı ərazilərində avtomatik havaya qalxa bilmirlər. Lakin buna baxmayaraq, pilotlar təyyarələrin dronlarla təhlükəli yaxınlaşma halları barədə mütəmadi məlumatlar verirlər. Belə ki, oktyabrda Kanadada dronun sərnişin təyyarəsi ilə ilk dəfə toqquşması hadisəsi rəsmən qeydə alınıb.
Nizam Nuriyev