Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyalar interneti” bazarında xərclər 1 trilyon dollara çatacaq


"International Data Corporation" (IDC) şirkəti yaxın illər üçün dünya "Əşyalar interneti" (IoT) bazarı üzrə proqnoz təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, sona çatmaqda olan 2017-ci ildə "IoT" seqmentində xərclər təxminən 674 milyard dollar təşkil edəcək. 2018-ci ildə 14,6 faiz artım gözlənilir: nəticədə sahənin həcmi 772,5 milyard dollara çatacaq.
 
Bildirilir ki, növbəti ildə "Əşyalar interneti" bazarında iri seqment aparat təminatı sektoru olacaq: burada xərclərin 239 milyard dollar olacağı gözlənilir. "Əşyalar interneti" bazarında investisiyalar üzrə lider sahələr arasında nəqliyyat, istehsal, telekommunikasiya və energetika qeyd olunur.
 
Analitiklərin fikrincə, 2017-2021-ci illərdə dünya "Əşyalar interneti" bazarında mürəkkəb faizlərdə ortaillik artım tempi (CAGR) 14,4 faiz təşkil edəcək. Nəticədə 2020-ci ildə sahə 1 trilyon dollar həddini adlayacaq. 2021-ci ildə "IoT" sahəsində xərclərin 1,1 trilyon dollara çatacağı proqnozlaşdırılır.
 
Qeyd edək ki, "IoT" bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.
 
Nizam Nuriyev





09/12/17    Çap et