Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

““Rabitə-Baku” voleybol komandası tarixi qələbə qazanıb”


Qətərin paytaxtı Dohada keçirilən voleybolçu qadınlar arasında klublararası dünya çempionatının qalibi olmuş Bakının “Rabitə-Baku” komandasının üzvləri Vətənə dönüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olub. Çoxsaylı azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi ilə qarşılayıblar.

Komandanın baş məşqçisi Zoran Qayiç Azərbaycan voleybolçularının qələbəsini tarixi hadisə adlandırmış, kollektivin bu qalibiyyətə layiq olduğunu və uğurların davamlı olacağını diqqətə çatdırıb.

““Rabitə-Baku” komandası Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçular arasında klublararası dünya çempionatında güclü kollektivlərlə bir qrupda yer alıb. Buna baxmayaraq , “Rabitə-Baku” gözəl oyun nümayiş etdirərək dünyanın ən güclü komandası olduğunu sübut edib”.

Bu sözləri Bakının “Rabitə-Baku” komandasının prezidenti Cəlil Cəfərov jurnalistlərə bildirib.

C.Cəfərov vurğulayıb ki, çempionat başlamazdan əvvəl Tailandın “Çanq” komandası favorit hesab olunurdu. Amma “Rabitə-Baku” komandası “Çanq”ı yarışdan asanlıqla (3:0) kənarlaşdırmağı bacardı.

Mundialın digər ən gərgin qarşılaşması isə final oyunu oldu. Bu qarşılaşmada Türkiyənin “Vakıfbank Günəş Telekom” komandası üzərində inamlı qələbə (3:0) qazanan “Rabitə-Baku” Çempionlar Liqası yarışlarındakı məğlubiyyətin əvəzini çıxa bildi.

“Rabitə”nin inamlı oyun nümayiş etdirərək tarixi qələbə qazandığını deyən C.Cəlilov bu uğurun ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, “Rabitə” mundialın final oyununadək Tailandın “Çanq”, Braziliyanın “Osasco” və Dominikanın “Mirador” komandalarına qalib gəlmiş, həlledici qarşılaşmada Türkiyənin “Vakıfbank Günəş Telekom” kollektivi üzərində inamlı qələbə qazanaraq ilk dəfə dünya çempionu adını qazanıb.




17/10/11    Çap et