Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq


Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təklif edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Taisei” şirkəti tərəfindən hazırlanmış dron iş günü başa çatdıqdan sonra işdə oturmuş əməkdaşları ofisi tərk etməyə məcbur edəcək. Daxili kameranın köməyi ilə əməkdaşları izləyən “T-Frend” adlı pilotsuz təyyarə avtonom rejimdə işləyəcək. Dronun propellerlərinin səs-küyü, həmçinin səsləndirilən musiqi əməkdaşları ofisi vaxtında tərk etməyə məcbur edəcək.

“T-Frend” adlı dronun özəlliyi ondadır ki, pilotsuz təyyarənin ofisdə hərəkəti üçün GPS tələb olunmur. Dron əsas musiqi kimi Şotlandiyanın "Auld Lang Syne" adlı mahnısının yapon versiyasından istifadə edəcək. İş gününün başa çatması haqda əməkdaşları xəbərdar edən bu musiqi Yaponiyanın bir çox müəssisələrində səsləndirilir.

Gözləntilərə görə, “T-Frend” dronu apreldə əlçatan olacaq. Şirkətlər aylıq təxminən 445 dollara pilotsuz təyyarəni kirayələyə biləcək.

Emil Hüseynov





11/12/17    Çap et