“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq
Mütəxəssislər ev üçün mühafizə sistemlərini əvəzləyəcək yeni “Fynoti” qurğusunu təqdim ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naked Science” resursuna istinadən yazır ki, “Fynoti” bütün evi skan edən infraqırmızı ötürücüdən istifadə edir. Qurğu 12 metr diapazonda müəyyən hərəkət aşkarlayan zaman 110 desibelik həyəcan siqnalı verəcək, eləcə də evdə quraşdırılan “Wi-Fi” şəbəkəsindən istifadə etməklə ev sahibinin smartfonuna bildiriş göndərəcək. Qurğu, həmçinin ev sahibinin seçiminə uyğun olaraq başqa insanlara bildirişlər göndərə bilər.
Məlumata görə, “Fynoti” birillik müddətə istifadə üçün nəzərdə tutulan üç batareya ilə təchiz edilib.
Qurğunu həm əllə, həm də smartfonlar üçün əvvəlcədən proqramlaşdırılmış qrafiklə xüsusi əlavə vasitəsilə işə salmaq və söndürmək olar. Mobil əlavə evdə yerləşən bir neçə qurğunun idarəetməsini həyata keçirir. Bundan başqa, əlavə vasitəsilə qonşuları ərazidə oğruların olması barədə xəbərdar etmək mümkündür.
Hazırda “Fynoti” tərtibatçıları “Indiegogo” vəsait toplanışı saytında qurğunun istehsala buraxılması üçün pul toplamaqla məşğuldurlar. Saytda, həmçinin “Fynoti” qurğusu üçün 9 dollardan ilkin sifarişlərin qəbulu aparılır. Qurğunun pərakəndə satış qiyməti 19 dollar təşkil edəcək. İlkin tədarüklərə 2018-ci ilin martında başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev