Avtonom avtomobillər üçün innovativ texnologiya təqdim olunub
"LG Electronics" şirkəti sürücüsüz avtomobillərin təhlükəsizliyini artırmağa imkan verən texnologiya nümayiş etdirib. Avtomobil istehsalçıları avtomobilin ətraf mühitlə "ünsiyyəti" üçün nəzərdə tutulan hazırlanmış texniki həllin təhlükəsizlik sahəsində yeni standart olacağına ümid edirlər.
"ICTnews" Elektron Xəbər Xidməti "
Rambler" resursuna istinadən yazır ki, keçirilən sınaqlar zamanı şirkət əməkdaşları yeni proqram təminatının işini nümayiş etdiriblər. Nəqliyyat vasitəsinin yolunda maneə (məsələn, irəlidə gedən avtomobil gözlənilmədən əyləci basanda) ilə qəfil toqquşma təhlükəsi yaranan zaman proqram sürücüyə, eləcə də arxada hərəkət edən avtomobillərin bort kompüterinə siqnal ötürəcək.
Məlumata görə, "V2X" (vehicle-to-everything, "nəqliyyat vasitəsi - ətraf mühit") adlanan texnologiya avtomobilə "LTE" mobil şəbəkəsi vasitəsilə yol hərəkətinin digər iştirakçıları ilə əlaqə yaratmağa imkan verir. Yeni texnologiyanın işi üçün avtomobil yollarının yaxınlığında yerləşən mobil rabitə qüllələri istisna olmaqla əlavə infrastruktur tələb olunmur.
Şirkət nümayəndələrinin sözlərinə görə, "V2X" texnologiyası "ADAS" (Advanced driver assistance systems – müasir sürücüyə kömək sistemləri) texnologiyası üçün bir sıra səciyyəvi çatışmazlıqlara malik deyil. Yeni texnologiya, həmçinin avtomobillərin olduğu yeri, istiqaməti və sürəti haqqında məlumatları hava şəraitindən asılı olmayaraq real vaxt rejimində bir neçə yüz metr məsafədə qəbul etməyə və ötürməyə imkan verir.
Yaxın gələcəkdə "V2X" texnologiyasının mövcud mobil məlumat ötürmə texnologiyalarından daha sürətli işləyən "5G" şəbəkəsində fəaliyyəti üçün modifikasiyası planlaşdırılır.
Oktyabrda "LG Electronics" ABŞ-ın "Qualcomm" şirkəti ilə avtonom avtomobillər üçün "5G" çiplərinin birgə istehsalına dair saziş imzalayıb.
Nizam Nuriyev