Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet uşaqların ehtiyacına uyğunlaşdırılmayıb


İnternet uşaqlar üçün böyük imkanlar açır. Lakin dünyada oğlan və qızların 33%-i internetdən istifadə imkanına malik deyil. Bu haqda BMT-nin Uşaq Fondunun (YUNİSEF) hesabatında deyilir. Hesabatın müəllifləri rəqəmli məkanda uşaqların həyatını, yeni texnologiyaların üstünlüklərini, həmçinin təhlükələri araşdırıblar. Onların qənaətincə, internet platformaları uşaqların ehtiyacına uyğunlaşdırılmayıb, eyni zamanda hər üçüncü internet istifadəçisi məhz uşaqlardır.

"İnternet böyüklər üçün hazırlanmışdı, amma indi daha çox uşaq və gənclər internetdən istifadə edirlər. Rəqəmli texnologiyalar onların həyatına və gələcəyinə çox böyük təsir edir. Bu baxımdan rəqəmli dünyanın inkişafı zamanı uşaqların ehtiyacını, onların təsəvvürünü və fikrini nəzərə almaq lazımdır" –  YUNİSEF-in icraçı direktoru Entoni Leyk deyib.

"ICTnews" Elektron Xəbər Xidməti "un.org" saytına istinadən yazır ki, indi hər üçüncü internet istifadəçisi uşaqlardır. İnternetdə öz vaxtının böyük hissəsini keçirən uşaqların sayı artmaqdadır. Onlar internetdə biliklərə yiyələnir, oyun oynayır və bir-biri ilə ünsiyyət saxlayırlar.

Amma indiyədək internetə çıxış bir çoxları üçün əlçatmaz olaraq qalır. Hazırda dünyada 346 milyon uşağın internetə çıxış imkanı yoxdur. Afrikada 5 uşaqdan 3-nün, Avropada isə 25-dən yalnız 1-nin internetə çıxışı yoxdur. Bundan başqa, internetdə yerləşdirilmiş məzmunun 56%-i ingilis dilindədir.

Hesabatda yalnız rəqəmli texnologiyaların uşaqların rifahına təsiri barədə deyil, həm də güclənən rəqəmli "asılılıq" və ekran qarşısında keçirilən vaxtın beynin inkişafına mümkün təsiri haqda informasiya öz əksini tapıb.

Hesabat müəllifləri internetin fərdi informasiyaya çıxışı təmin etdiyi barədə xəbərdarlıq edirlər. Yeni texnologiyalar uşaqların istismarı və onlar üzərində təhqiredici hərəkətlərlə bağlı materialların yaradılması və yayılmasını asanlaşdırır. Bir çox uşaq internetdə təhqirlərin qurbanı olur. Mobil telefonların yaradılması valideynlərin internetdə uşaqların davranışına nəzarətini çətinləşdirir.

Emil Hüseynov





12/12/17    Çap et