Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələrin istifadəçilərin psixologiyasına təsiri araşdırılıb


“Facebook”un tədqiqatlar üzrə direktoru Devid Qinzberq və şirkətin elmi işçisi, sosial psixoloq Moyra Berk tərəfindən dərc edilmiş araşdırmada sosial şəbəkələrin istifadəçilərin psixologiyasına müxtəlif təsiri haqda məlumat öz əksini tapıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, şirkətin bloqundakı dərcdə deyilir ki, psixoloqlar sosial şəbəkələrin istifadəçilərin əhval-ruhiyyəsinə təsirini müxtəlif cür qiymətləndirirlər: bəziləri hesab edir ki, ünsiyyət insanlara özlərini tənha hiss etməyə imkan vermir, digərləri isə belə düşünür ki, insanlar sosial şəbəkələrdə vaxt itirirlər, hərçənd ki, həmin vaxtı öz dostları və yaxınları ilə keçirə bilərdilər.

Qinzberq və Berk tərəfindən keçirilmiş araşdırmadan belə məlum olur ki, sosial şəbəkələr insanların əhval-ruhiyyəsinə həm müsbət, həm də mənfi təsir göstərə bilir. Bu, istifadəçilərin “Facebook”da necə vaxt keçirməsindən asılıdır. Alimlər Miçiqan Universitetində təhsil alan tələbələrin iştirakı ilə keçirilmiş sınaqdan sonra belə nəticəyə gəliblər. Könüllülərdən ibarət birinci qrup sadəcə xəbər lentini vərəqləyib, ikinci qrup isə yazılar dərc edib və dostlarla ünsiyyət saxlayıb. Axşama yaxın birinci qrupun iştirakçıları özlərini ikincidən daha pis hiss ediblər.

Alimlər hesab edirlər, belə fərqin səbəbi ondadır ki, digər nəşrlərə baxış vaxtı insanlar özlərini başqa istifadəçilərlə müqayisə edirlər və çox vaxt öz xeyrinə olmayan nəticələr çıxarırlar.

Emil Hüseynov





18/12/17    Çap et