Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” texnologiyası “ağıllı” istehsalda tətbiq ediləcək


Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı “ağıllı” istehsalda beşinci nəsil mobil rabitə texnologiyasından (5G) istifadə üzrə ssenarilərin həyata keçirilməsi üçün “Wireless Connected Factory Special Interest Group” adlı tədqiqat qrupu yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, təşkilat iştirakçılarının (ABB, Efort, Bosch, Beckhoff, Hikrobot, Geely, KUKA və Schneider Electric şirkətləri, Şenyan Avtomatlaşdırma İnstitutu, Çin Elmlər Akademiyası) məqsədi “5G” rabitə texnologiyasının kiberfiziki sistemlərin kütləvi tətbiqini nəzərdə tutan “4.0 sənayesi” (dördüncü sənaye inqilabı - The Fourth Industrial Revolution) ərəfəsində öyrənilməsindən ibarətdir.

Məlumata görə, “Wireless Connected Factory Special Interest Group” qrupu diqqəti logistika kontrolleri, simsiz sənaye kameraları, simsiz texnologiyalar vasitəsilə idarə olunan avtomatlaşdırılmış nəqliyyat vasitələri və sənaye portativ elektron qurğuları kimi məhsullara yönəldəcək.

“Huawei” şirkətinin proqnozuna görə, 2021-ci ilədək istehsal sektorunda qoşulmaların sayı 12,5 milyarda çatacaq, zavod şəbəkələri bazarının həcmi isə 50 milyard dollar təşkil edəcək.

Şirkətin simsiz texnologiyaların tədqiqi və inkişafı bölməsinin rəhbəri İn Venymin bildirib ki, “Huawei” şirkəti “X Labs” bölməsi tərəfindən yaradılan tədqiqat qruplarının “5G” texnologiyasından istifadə üzrə daha çox ssenari müəyyənləşdirə və yaradaraq onun gələcəkdə “ağıllı” sənayedə tətbiqinə kömək edəcəklərinə ümid edir. “Bu fəaliyyət internetə qoşulan istehsalların inkişafına töhfə olacaq. “Huawei” tərəfdaşlarla birlikdə yeni texnologiyaların inkişafını və hazırlanmasını sürətləndirəcək”, - qeyd edib.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev 





19/12/17    Çap et