Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia 9” smartfonunun mövcudluğu rəsmən təsdiq edilib


Çoxsaylı məlumat sızması və şayiələrdən sonra indiyədək nümayiş olunmayan qabaqcıl “Nokia 9” smartfonu barədə ilk doğru informasiya yayılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qurğu ABŞ Federal Rabitə Komissiyasında sertifikatlaşdırmadan keçib. “HMD Global” şirkətinin komissiyaya qeydiyyat üçün qurğunun kompleks hissələrinə aid çoxlu məlumat təqdim etməsinə görə smartfonun texniki xüsusiyyətləri məlum olub.  
 
Məlumata görə, “Nokia 9” smartfonu səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessoru, “LG” şirkətinin istehsalı olan 5,5 düym diaqonallı “OLED” ekran, “Samsung” şirkətinin  “UFS 2.1” formatlı 128 giqabayt tutumlu quraşdırılmış yaddaş, 3 250 milliamper/saat tutumlu akkumulyator, 5 meqapikselli ön kamera, 13 və 13 meqapikselli sensorlardan ibarət qoşa əsas kamera ilə təchiz ediləcək. Smartfonun “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi bildirilir.
 
Hazırda “Nokia 9” smartfonunun təqdimat tarixinin naməlum olmasına baxmayaraq onun növbəti ilin əvvəlində “CES 2018” və ya “MWC 2018” sərgilərində nümayişi gözlənilir.
 
Nizam Nuriyev 





20/12/17    Çap et