Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində kassirsiz işləyən yüzlərlə "ağıllı" supermarket açılacaq


Çində “Alibaba”dan sonra ikinci ən böyük onlayn pərakəndə şəbəkəsi olan “JD.com” kassiri olmayan yüzlərlə tamamilə avtomatik mağaza açmaq planı haqda məlumat verib. Layihə Honkonqun “China Overseas Land & Investment Ltd” developerinin iştirakı ilə həyata keçirilir. Artıq “JD.com”un Pekin ofisinin 10 min əməkdaşı "ağıllı" ticarət nöqtələrini sınaqdan keçirib.
 
Xatırladaq ki, ABŞ-ın “Amazon” şirkəti 2016-cı ilin sonunda “Amazon Go” innovativ xidmətini sınaqdan keçirməyə başlayıb. Yenilik sayəsində müştərilər növbə gözləmədən alış-veriş etmək imkanı əldə ediblər. Bunun üçün istifadəçi mobil proqramı açmalı, məhsulları səbətə qoymalı və kassaya yaxınlaşmadan mağazadan çıxmalı idi.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, ancaq tamamilə avtomatik kimi düşünülən sistem insanların köməyinə ehtiyac duyurdu. Məsələn, “Amazon Go” tez-tez rəfdən götürülən məhsulu səhv salırdı. Həmçinin texnologiya ticarət zalında 20-dən çox insan olduqda əməliyyatları düzgün izləmirdi.
Nəticədə şirkət xidmətin ictimai təqdimatını təxirə salmalı olub.
 
“The Telegraph” nəşri yazır ki, “JD.com” onlayn mağazası RFID nişanlar, sifət və alıcıların rəfdən götürdükləri məhsulların tanınması funksiyasına malik kameralardan ibarət daha təkmil texnologiya təklif edir. Müəyyən vaxtdan sonra sistem müştərilərin şəxsi istəklərini nəzərə alacaq, onlara şəxsi endirim və aksiyalar təklif edəcək.
 
Emil Hüseynov





21/12/17    Çap et