Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Samsung” smartfonları nə vaxt satışa çıxarılacaq?


Qabaqcıl "Samsung Galaxy S9" və "Samsung Galaxy S9+" smartfonlarının martın əvvəlində satışa çıxarılması, kütləvi istehsalına isə yanvarın ilk günlərində başlanması gözlənilir. Bu barədə Cənubi Koreyanın "ETnews" nəşri məlumat verib.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, yeni qabaqcıl "Samsung" smartfonlarının təqdimatı fevralın 25-də Barselonada keçiriləcək illik "MWC" sərgisinin açılışı ərəfəsində xüsusi tədbirdə baş tuta bilər.
 
"Galaxy S9" və "Galaxy S9+" smartfonlarının dizaynının əvvəlki modellərlə müqayisədə dəyişməz qalacağı gözlənilir. "Star 1" və "Star 2" kod adlı qurğular "SM-G960" və "SM-G965" model sırası ilə göstərilir. Ekranlar da  dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz "Super AMOLED" displeylər.
 
Bildirilir ki, "Galaxy S9" və "Galaxy S9+" 10 nanometrlik "Qualcomm Snapdragon 845" prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan "Galaxy S9" modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını  10 nanometrlik "Samsung Exynos 9810" platforması təşkil edəcək. 
 
"Galaxy S9+" versiyasının böyük ekranla yanaşı, "Galaxy S9"-da quraşdırılan 4 giqabayta nisbətdə iritutumlu - 6 giqabaytlıq operativ yaddaş, eləcə də "Galaxy Note 8" modelində olduğu kimi, qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, modellər 64 giqabaytlıq quraşdırılmış yaddaş, "microSD" kartları üçün slot və 3,5 millimetrlik çıxışla təchiz olunacaq. Həmçinin "AKG" stereodinamikləri qeyd edilir.
 
Tək və ya qoşa kameradan asılı olmayaraq hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında olmaqla vertikal şəkilli olacaq.
 
Nizam Nuriyev 





27/12/17    Çap et