Robot onurğa əməliyyatlarında həkim səhvlərini aradan qaldırmağa kömək edəcək
Statistik məlumatlarda onurğa əməliyyatlarının təxminən 15 faizinin uğursuz olması bildirilir. Məsələ ondadır ki, onurğa sütununda asanlıqla zədələnə bilən çoxlu strukturlar olur. Lakin İsveçrənin Bern Universiteti və “CSEM” Elektronika və Mikrotexnologiyalar Mərkəzinin mütəxəssisləri mürəkkəb əməliyyatların aparılması zamanı riski minimuma endirən yeni texnologiya hazırlayırlar.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hi-News” resursuna istinadən yazır ki, hazırda İsveçrə alimləri fəqərənin üçölçülü karkasını “müayinə” edən sensorlarla təchiz olunan xüsusi robotlaşdırılmış drelin hazırlanması ilə məşğuldurlar. Bundan başqa, əlavə elektromioqrafik tədqiqat ştiftlərin səhvən sinirlərə, onurğa beyini və digər anatomik strukturlara düşməsini aradan qaldırmağa imkan verir. Quraşdırılmış ötürücülər sümüklərin qalınlığını, sinir və əzələlərin yerləşməsini müəyyənləşdirir, eləcə də bu məlumatların rentgen və tomoqrafiya şəkilləri ilə müqayisəsini aparırlar. Həmçinin bütün prosesə həkimlər tərəfindən nəzarət edilir və onlar real vaxt rejimində əməliyyatın gedişi barədə məlumatlar əldə edirlər.
Layihə rəhbəri Andreas Raabe bildirib ki, yeni robot bel cərrahiyyəsinin gələcəyini təşkil edir. “Robot əməliyyatları insandan dəqiq və tez yerinə yetirə bilir. Bununla yanaşı, robot çoxlu müsbət cəhətlərə malikdir, məsələn, onun köməyi ilə daha dərin qatlarda insanın apara bilmədiyi əməliyyatlar etmək olar. Lakin gözlənilməz hadisənin baş verəcəyi və ya həkimin əməliyyatın gedişini dəyişmək qərarına gələcəyi təqdirdə cərrahın həmişə robotun işinə müdaxilə etmək imkanı olacaq”, - layihə rəhbəri vurğulayıb.
Nizam Nuriyev