Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” printerdə çap edilən aviamühərrikin uğurlu sınaqları keçirilib


“GE Aviation” şirkəti detallarının 30 faizinin üçölçülü printerdə çap edildiyi turbovintli mühərrikin sınaqlarını keçirib. Mühərrikin Praqada “Cessna Denali” təyyarəsində tam funksional testi uğurla başa çatıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, şirkətin rəsmi saytının məlumatına görə, printerdə çap edilən mühərrik layihəsi təxminən 2 ilə hazırlanıb. Şirkət mütəxəssisləri çap blokunda detalların sayını 855-dən 12-dək azaltmağa nail olublar.  

Şirkətin baş meneceri Pol Korkiri bildirib ki, sınaqların davam etdirilməsi mühərrik haqqında qiymətli biliklərin əldə olunmasına, eləcə də aerodinamik, mexaniki və aerotermik sistemlər üzrə göstəricilərin təsdiq edilməsinə imkan verəcək. “Ayrı-ayrı komponentlərin işə salınması və testindən sonra əldə edilən ilkin məlumatlardan məlum olub ki, biz mühərrik üçün göstərilən bütün məhsuldarlıq göstəricilərini yerinə yetirəcək və ya üstələyəcəyik”, - şirkət rəhbəri qeyd edib.

“GE Aviation” şirkəti tərəfindən yaradılan aviamühərrikin üçdə bir hissəsi titan ərintidən çap edilmiş detallardan ibarətdir. Bundan əlavə, əvvəllər mühərrikdə bu funksiyanı 855 adi detal yerinə yetirib. Printerdə podşipnik korpusları, işəsalıcı korpus, yanacaq forsunkaları və bir sıra digər komponentlər çap edilib.

Nizam Nuriyev 





29/12/17    Çap et