Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” şirkəti unikal ekzoskelet təqdim edib


Ekzoskeletlər artıq yalnız fantastik film və videooyunlarda istifadə edilmir. Hazırda bir çox şirkətlər müxtəlif ekzoskelet modelləri hazırlamaqla məşğuldurlar. Amma belə hazırlamaların əksəriyyəti hərbi sahədə və ya idmançıların təlimində tətbiq edildiyi halda, “Panasonic” şirkətinin yeni həlli sıravi insanlara kömək etmək üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni təqdim edilmiş “ATOUN Model Y” adlı innovativ ekzoskelet modeli yaşlı insanlara, əlillərə, həmçinin işi ağırlıq qaldırmaq olan peşə sahiblərinin (məsələn, malyükləyənlər və ya inşaatçılar) qayğısına qalacaq. “Panasonis” şirkətinin ekzoskeleti metaldan deyil, yüngül polimerlərdən hazırlanıb. Ekzoskeletin ümumi çəkisi 4,5 kq (bu, əvvəlki modeldən 40% azdır) və bu göstəriciyə yalnız korpusda tətbiq edilən materiallar deyil, həm də çəkisi azaldılmış akkumulyator və mühərrik hissələrinin  sadələşdirilmiş konstruksiyası sayəsində nail olunub.

“ATOUN Model Y” ekzoskeleti insanın belinə bərkidilir və ağırlıq qaldırma zamanı belə kömək edir, bir çox lokasion sensorlar məkanda hərəkətləri izləyir. Ekzoskelet xüsusi alqoritm sayəsində insanın hərəkətlərini müəyyənləşdirir ki, bu da kostyumun mühərriklərinə istifadəçinin hərəkətlərini təkrar edərək əzələlərə düşən yükü azaltmağa imkan verir.

2018-ci ilin yazında yeni həllin çıxışı gözlənilir və “Panasonis” şirkəti artıq yeni ekzoskelet üçün ilkin sifarişləri qəbul edir.

Emil Hüseynov







04/01/18    Çap et