Yeni “Samsung” smartfonları hansı sərgidə nümayiş olunacaq?
"Samsung" şirkəti qabaqcıl "Samsung Galaxy S9" və "Samsung Galaxy S9+" smartfonlarını fevralın 26-dan martın 1-dək Barselonada keçiriləcək "Mobile World Congress" (MWC 2018) sərgisi çərçivəsində təqdim edəcək. Bu barədə şirkət nümayəndəsi "CES-2018" Beynəlxalq istehlak elektronikası sərgisində bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "
Life" resursuna istinadən yazır ki, əvvəllər smartfonların təqdimatı ilə bağlı şayiələr iki növə bölünüb: mənbələrdən biri şirkətin qurğularının "CES", digərləri isə "MWC" sərgisində nümayiş olunacağı ilə bağlı məlumatlar verib.
"Gizchina" resursunun bundan əvvəl "Android Headlines" saytına istinadən bildirdiyi kimi, "Samsung Electronics" qabaqcıl modellərin kütləvi yığılmasına yanvarda başlayacaq, yanvarın sonunda təqdim edəcək, martda isə satışa çıxaracaq. Məlum olub ki, qurğular şüşə korpusla təchiz ediləcək və beş rəng variantında buraxılacaq. Onların kameralarının yeni proqram təminatı ilə təmin ediləcəyi ehtimal olunur.
"Galaxy S9" və "Galaxy S9+" smartfonlarının dizaynının əvvəlki modellərlə müqayisədə dəyişməz qalacağı gözlənilir. "Star 1" və "Star 2" kod adlı qurğular "SM-G960" və "SM-G965" model sırası ilə göstərilir. Ekranlar da dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz "Super AMOLED" displeylər.
Bildirilir ki, "Galaxy S9" və "Galaxy S9+" 10 nanometrlik "Qualcomm Snapdragon 845" prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan "Galaxy S9" modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını 10 nanometrlik "Samsung Exynos 9810" platforması təşkil edəcək.
"Galaxy S9+" versiyasının böyük ekranla yanaşı, "Galaxy S9"-da quraşdırılan 4 giqabayta nisbətdə iritutumlu - 6 giqabaytlıq operativ yaddaş, eləcə də "Galaxy Note 8" modelində olduğu kimi, qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, modellər 64 giqabaytlıq quraşdırılmış yaddaş, "microSD" kartları üçün slot və 3,5 millimetrlik çıxışla təchiz olunacaq. Həmçinin "AKG" stereodinamikləri qeyd edilir.
Tək və ya qoşa kameradan asılı olmayaraq hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında olmaqla vertikal şəkilli olacaq.
Nizam Nuriyev