Rəqəmli transformasiya texnologiyaları bazarında 1,3 trilyon dollaradək artım gözlənilir
“IDC” analitik şirkəti 2018-ci ildə dünyada rəqəmli transformasiya texnologiyaları layihələri üçün nəzərdə tutulan avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 2017-ci illə müqayisədə 16,8 faiz artaraq 1,3 trilyon dollara çatacağını, 2021-ci ilədək isə 2,1 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu məbləğin 662 milyard dollarının hazırkı fəaliyyətin səmərəliliyini artıracaq yeni və modifikasiya edilmiş əməliyyat modellərinin həyata keçirilməsi üçün tələb olunan texnologiyaların alışına, 326 milyard dolların müştəri, tərəfdaş, əməkdaş və əşyalar arasında interaktiv əlaqə sahəsində innovasiyaların dəstəklənməsi texnologiyalarına, 240 milyard dolların qərarların qəbulu, işin optimallaşdırılması və yeni mal və xidmətlərin yaradılması üçün faydalı informasiyanın alınmasına sərf olunacağı gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, bütün sahələrdə fəaliyyət göstərən şirkətlər üçüncü platforma texnologiyalarına aktiv investisiyalar yatırırlar.
Qeyd olunur ki, 2018-ci ildə ən çox vəsait rabitə və informasiya texnologiyaları xidmətlərinin ödənişinə və korporativ sinfə aid proqram və avadanlığın alışına xərclənəcək. Rabitəyə investisiya qoyuluşu əməliyyat modelinin və qarşılıqlı fəaliyyət metodlarının transformasiyasının vacib olduğu sahələrin şirkətləri üçün əhəmiyyət kəsb edir. İlk növbədə informasiya transformasiyası ilə məşğul olan şirkətlər isə daha çox İT xidmətlərinə və avadanlıqlara investisiyalar yatırırlar.
Nizam Nuriyev