Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sinqapurda suyun keyfiyyətinin yoxlanılması üçün robotlardan istifadəyə başlanacaq


Sinqapur hakimiyyəti 5 yerli su anbarında suyun keyfiyyətinin yoxlanılması üçün robot qu quşlarından istifadəyə başlayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, ağ uzunboğaz quşları xatırladan “SWAN (Smart Water Assessment Network)” robotları Su Resursları Agentliyinin iştirakı ilə Sinqapurun bir neçə institutunda çalışan mütəxəssislər tərəfindən hazırlanıb və ilk dəfə 2014-cü ildə sınaqdan keçirilib və 2016-cı ildə sınaq proqramı müvəffəqiyyətlə nəticələnib. Robotlar su anbarlarındakı suyun keyfiyyəti haqda məlumatları əldə etmək üçün iki motor və datçiklərlə təchiz edilib.

Hazırda suyun analizi qayıqlar vasitəsilə su nümunələrinin toplanması yolu ilə həyata keçirilir, ancaq bunun üçün insan əməyinə ehtiyac var, həm də su nümunələrinin çatdırılmasına xeyli vaxt sərf olunur ki, bu da fövqəladə vəziyyət yarandıqda və operativ reaksiya göstərmə zamanı kritik ola bilər. Robotlar isə real vaxt rejimində məlumatları göndərə və operatorun müşahidəsi altında avtonom rejimdə işləyə bilərlər.

Emil Hüseynov





16/01/18    Çap et