“ARC” prosessorları üçün ilk zərərli proqram təminatı aşkarlanıb
2016-cı ilin avqustunda məşhur “Mirai” virusunu ilk dəfə aşkarlayan “MalwareMustDie” tədqiqat qrupunun “unixfreaxjp” təhlükəsizlik tədqiqatçısı yenidən sensasiyaya səbəb olan kəşf edib. Tədqiqatçı “Linux” əməliyyat sistemi üçün “ARC” prosessorlarını yoluxduran tarixdə ilk zərərli proqram təminatı aşkarlayıb. Yeni “Linux ELF” zərərli proqram təminatı “Mirai Okiru” adlanır.
“ICTnews” Elektron Xəbər Xidməti “
SecurityLab” resursuna istinadən yazır ki, “Mirai Okiru” dünyada “AR” sistemlərinə hücumlar üçün nəzərdə tutulan ilk zərərli proqram təminatıdır. Zərərli proqram aşkarlananadək onu heç bir antivirus məhsulu müəyyənləşdirə bilməyib.
Məlumata görə, “Mirai Okiru” kimi botnetin yaranması mənfi nəticələrə səbəb ola bilər. “MalwareMustDie” tədqiqat qrupunun məlumatına görə, hər il 1 milyarddan çox “ARC” prosessorlu “Əşyalar interneti” (IoT) qurğusu istehsal olunur. Bu isə o deməkdir ki, potensial baxımdan ələ keçirilən sistemlərin sayı çox yüksəkdir, belə güclü botnetdən isə müxtəlif cinayətkar məqsədlər üçün istifadə oluna bilər.
Bildirilir ki, bir sıra ümumi xüsusiyyətlərə baxmayaraq “Okiru” zərərli proqram təminatı bu yaxınlarda aşkarlanan digər “Mirai” versiyası - “Satori”dən kəskin fərqlənir. Bununla əlaqədar ekspertlər hesab edir ki, hər iki nümunənin aşkarlanması üçün antivirus həlləri müxtəlif qaydalar tətbiq etməlidirlər.
Qeyd edək ki, “ARC International” şirkəti tərəfindən hazırlanan “ARC” (Argonaut RISC Core) 32 bitlik quraşdırılan prosessorlar ailəsidir. “ARC” prosessorları sintez qarşısında (işləyən vaxtı deyil) “ARChitect processor configurator” proqramı vasitəsilə konfiqurasiya edilir. Prosessor nüvəsini genişləndirmək mümkündür, eləcə də təlimat, registr və s. əlavə etmək üçün imkanlar mövcuddur.
Nizam Nuriyev