Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtonom elektrik aerotaksi nümayiş olunub


“Airspace Experience Technologies” (AirSpaceX) şirkəti Detroytda keçirilən avtomobil sərgisində sərnişin və yükdaşımaları üçün nəzərdə tutulmaqla saatda 400 km-dək sürətlə hərəkət edən kiçik avtonom “Mobi-One” vertikal uçuş və eniş aparatını (VTOL) nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, “Mobi-One” yol nəqliyyatını əvəz edən sakit və ekoloji təmiz aparat kimi qələmə verilir. Uçan aparat ona vertolyotdan sakit işləməyə imkan verən dörd elektromotordan istifadə edir. İki-dörd sərnişin və ya 200 kiloqramadək yüklərin daşınması üçün nəzərdə tutulan aerotaksinin kreyser sürəti 241 km/saat təşkil edir. Aparatı bir dəfə enerji ilə doldurmaqla təxminən 100 km uçmaq mümkündür.

Qeyd olunur ki, “Mobi-One” aparatı 2005-2006-cı illərdə “Ford GT” şirkətində baş dizayner işləmiş Kamilo Pardo ilə əməkdaşlıqda hazırlanıb. “AirSpaceX” (Detroit Aircraft Corporation şirkətinin törəməsi) şirkətinin nümayəndələri ümid edir ki, aparatın tam versiyası tezliklə sertifikasiyadan keçmək üçün ABŞ Federal Mülki Aviasiya İdarəsinə təqdim ediləcək.  

“AirSpaceX” şirkətinin kommersiya direktoru Cey-Pi Yorro bildirib ki, şirkətin vəzifəsi 2016-cı ilədək ABŞ-ın 50 iri şəhərində 2 500 aparat istifadəyə verməkdən ibarətdir.

Nizam Nuriyev 





17/01/18    Çap et