Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gədəbəy rabitəsi TAE xəttinə qoşulacaq
“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişlənməkdə davam edir. “Aztelekom” İB-dən verilən məlumata görə, Gədəbəy rabitəsinin Şəmkir istiqamətində TAE xəttinə birləşdirilməsi nəzərdə tutulub.
Artıq layihə hazırdır. Bu layihənin həyata keçirilməsi ilə Şəmkirdən Gədəbəy istiqamətində bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da daha sürətli, daha keyfiyyətli rabitə xidməti deməkdir. Yardımlı, Neftçala rabitəsinin TAE xəttinə qoşulması istiqamətində işlər davam edir. Birlik tərəfindən Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulmasından sonra MDB ölkələri sırasında Azərbaycan birinci respublika olacaq ki, bütün rayon mərkəzləri TAE xəttinə qoşulmuş olsun.
Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.
2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
18/10/11 Çap et