Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” qurğu istifadəçiləri üçün “ağıllı” diş fırçası təqdim edilib


“Colgate” şirkəti yalnız “Apple” şirkətinin mağazalarında və saytında satışa çıxarılacaq “ağıllı” “E1” diş fırçasını nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni fırça “Colgate Connect” mobil əlavəsi vasitəsilə “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularla sinxronlaşır. İstifadə prosesində fırça istifadəçinin dişləri necə təmizləməsini izləyir və ağız boşluğunun xəritəsini tərtib edərək təmizlənməyən nahiyələr barədə məlumat verir.

Bundan başqa, “Colgate Connect” əlavəsi dişlərə düzgün qulluqla bağlı tövsiyələr verir, fırça isə ərpləri daha effektiv təmizləməyə imkan verən “səsli vibrasiya”lar yaradır. Gənc istifadəçilər üçün əlavədə quraşdırılmış “Go Pirate” oyunu da nəzərdə tutulub. Oyunda əldə olunan qəpiklərin sayı uşağın dişlərin təmizlənməsinə sərf etdiyi vaxtdan asılı olur.

“Colgate E1” bu növ təqdim olunan ilk məhsul deyil. Əsas “ağıllı” fırçalar istehsalçısı “Kolibree” şirkətidir və “Colgate” saytına görə, yeni fırçada “Kolibree” texnologiyasından istifadə olunub. Həmçinin, “Colgate” fırçası funksionallığına görə “Kolibree Ara” fırçasını xatırladır. Fırçaların əsas fərqi onların qiymətindədir. Belə ki, “Colgate E1” fırçasının “Apple Store” mağazasında qiyməti 99 dollar təşkil etdiyi halda “Android” əməliyyat sistemli qurğuya qoşulma imkanına malik “Ara” fırçası 129 dollara satılır.

Nizam Nuriyev
 






19/01/18    Çap et